06062023

"AC SƏNƏTÇİ"
İNCƏSƏNƏT SƏRGİSİ

“Son onilliklər ərzində ‘ac sənətçilərə’ maraq kəskin dərəcədə azalıb. Əvvəllər sənətçinin öz rəhbərliyi altında belə iri tamaşalar, performanslar təşkil edərək əməllicə pul qazanmaq mümkün idisə, indiki zamanda bu qətiyyən mümkün deyil. Bu, başqa bir dövr idi. Həmin dövrdə ac sənətçi bütün şəhərin diqqətini çəkirdi. İqlim şəraiti yaxşı olanda qəfəs açıq havaya çıxarılır və ac sənətçi məxsusi olaraq uşaqlar üçün sərgilənirdi.”

Frans Kafka, “Ac sənətçi” (1922)

F. Kafkanın hekayəsi sənətçilərin ekzistensial narahatlıqlarının son dərəcə güclü alleqoriyası olaraq, hər dövrdə olduğu kimi, öz aktuallığını qoruyub saxlayır. Qlobal pandemiya, müharibə və enerji çatışmazlığı, inflyasiya və ümumi “qeyri-müəyyənlik” dünyanın hər bir yerində cəmiyyətin demək olar ki, bütün təbəqələrinə, xüsusən də öz müstəqilliklərini qorumaq naminə həmişə iqtisadi risklərlə ödəməli olan, lakin mövcudluğu bir çox hallarda təhlükə altında olan sənətçilərə təsir göstərir. Bu, xüsusilə, dövlət tərəfindən dəstəyin olmadığı ölkələrdə yaşayan sənətçilərə aiddir.

Autsayder olduğundan “ac sənətçi” özünü əslində hamı tərəfindən yanlış başa düşülən kimi hiss edir. Və hekayənin sonunda, baş qəhrəman nəzarətçinin ondan niyə həqiqətən ac qalmaq istəyi ilə bağlı sualına cavab verəndə, bu günün çox gözəl qurulmuş incəsənət səhnəsinə doğma olan müəyyən bir təkəbbür parlayır: “Çünki həzz alacağım yeməyi tapa bilmirəm”. Bu, sənətçinin son sözləri idi…

Amma onun sönük gözlərində hələ də, oruc tutmağa davam etdiyinə dair qətiyyətli, demək olar ki, məğrur bir əminlik var idi.

“Aclıq çəkən sənətçi” fenomeni incəsənətin bütün janrlarında geniş yayılsa belə, təsviri incəsənət ona xüsusilə yaraşır. Təkcə ona görə yox ki, Rembrandt, Vermeer, Van Qoq, Qoqen və Tuluz-Lotrek kimi sayılıb-seçilən şəxsiyyətlər yoxsullaşdılar — həm də ona görə ki, modernizmdən bəri çürük ağac, paslı dəmir və ya ucuz parçalar kimi “kasıb materiallar” sənətə yol tapdılar. Mesajın mənası bilavasitə “etibarsız” obyektin özündə gizlənir.

“Ac sənətçi” sərgisi Bakı Höte-Mərkəzi tərəfindən “Kapellhaus”-un dəstəyi ilə hazırlanıb.

Layihə Azərbaycan, Braziliya, Gürcüstan, Qazaxıstan, eləcə də Almaniyadan olan rəssamları bir araya gətirir.

KURATOR:

Alfons Huq, Bakı Höte-mərkəzi

RƏSSAMLAR:

Leyli Ələkbərova / Azərbaycan
Mark Brandenburq / Almaniya
Nino Kvrivişvili / Gürcüstan
Maksim Malxado / Braziliya
Elturan Məmmədov / Azərbaycan
Tomas Rentmayster / Almaniya
Sabina Şıxlinskaya / Azərbaycan
Saule Suleymenova / Qazaxıstan